“Azərsu” yeni portal istifadəyə verdi — Abonent su sərfiyyatına nəzarət edəcək (FOTO)

“Azərsu” yeni portal istifadəyə verdi     — Abonent su sərfiyyatına nəzarət edəcək (FOTO)

Bu gün “Azərsu” ASC “E-Su” portalını istifadəyə verir. 

 

Oxu.Az-ın müxbiri xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin Elektron İdarəetmə və Müasir Texnologiyalar Departamentinin rəisi Emil Əhmədov bu gün keçirilən tədbirdə deyib. 

 

O bildirib ki, “E-Su” portalı istehlakçının şəxsi kabineti kimi fəaliyyət göstərəcək:

 

“2019-cu ildən etibarən elektron su portalının hazırlanmasına başlanılıb. Sistemdə istehlakçılar bildirişlərə baxa biləcək. Sistemdə ilkin olaraq 8 xidmət aktivləşdirilib. İlin sonuna qədər digər xidmətlər də əlavə ediləcək. Vətəndaş 5 müxtəlif abonent kodu ilə sistemə daxil ola və sərfiyyata nəzarət edə bilər.

 

“E-Su” portalında istehlakçı ərazilərdə su xətlərində baş verən qəzalarla bağlı bildirişlər alacaq, hətta öz şikayətlərini də qeyd edə biləcəklər”.

 

E.Əhmədov onu da qeyd edib ki, abonent elektron müraciətləri bu portal vasitəsilə edə biləcək:

 

“Abonent “Azərsu” ASC-yə ünvanladığı müraciətə nəzarət edə biləcək. Müraciətin hansı tarixdə hansı şöbədə baxıldığını izləyə və müraciətin baxılmasında hər hansı gecikmələr yaşanarsa, bunu görə biləcək”.

 

E.Əhmədov əlavə edib ki, abonent artıq sərfiyyatdan şikayətçidirsə, öz sayğacının göstəricisini çəkib, sistemə yükləməklə məsələni aydınlaşdıra biləcək:

 

“Sərfiyyatda həqiqətən yanlışlıq aşkar olunarsa, sistem avtomatik olaraq göstəriciləri tənzimləyəcək”.

 

“E-Su” (E-Su.az) portalının gələcəkdə mobil cihazlar üçün tətbiq versiyasının da hazırlanması gözlənilir.

 

Qeyd edək ki, portalın yaradılmasında məqsəd şəffaflığın artırılmasıdır.